Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Azərbaycan Respublikasında Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Demokratik Cümhuriyyətin süqutundan və Sovet Hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Resbublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və bu bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Rəmzi Mənası Göy rəng - türklük; Qırmızı rəng - müasirlik və demokratiya; Yaşıl rəng - islam; Aypara və ulduz - aya və günəşə işarə olub, əbədilik, dünyəvilik rəmzidir.